100 min manatı olan əcnəbilər Azərbaycanda yaşaya bilər - MÜZAKİRƏ

 17:30 21.05.2019     585

Banka 100 min manat qoyan əcnəbilər Azərbaycanda yaşaya biləcək.

“Hesab edirəm ki, vəsaitlərin bu qaydada cəlb edilməsi banklar üçün zəruri olan resursların formalaşmasına kömək edəcək”.

Bunu sabiq maliyyə naziri Fikrət Yusifov Redaktor.az-a açıqlamasında bildirib. O, qeyd edib ki, bu təcrübədən dünyanın bir çox ölkələrində istifadə olunur:

“Əcnəbilərə yaşam imzasının müxtəlif şərtlərlə verilməsi təcrübəsi dünyanın bir çox ölkələrində mövcuddur. Bəzi ölkələrdə hətta əcnəbi tələb olunan səviyyədə yatırım edərsə, ona vətəndaşlıq da verilir. Yəni, bizim ölkədə buna bənzər bir addım atılırsa, burada yeni heç nə yoxdur. Bu, əcnəbi iş adamları üçün kifayət qədər maraqlı bir təklif ola bilər. Digər tərəfdən, əcnəbi vətəndaş ölkəmizi tərk etmək istədikdə, banka yatırdığı depozitini geri çəkə bilər. Burada onun riski yalnız milli valyutanın məzənnəsinin dəyişməsi ilə bağlı ola bilər. Atılan addım bütün mənalarda normal sayılmalıdır”.

Qeyd edək ki, Miqrasiya Məcəlləsinin 45-ci maddəsinə əsasən, Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğdə pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsi verilə bilər. Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirə ediləcək.

Gülşən Şərif / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən