Larinin ucuzlaşması ilə azərbaycanlı turistlərin Gürcüstana kütləvi axını gözlənilirmi?

Son günlər Gürcüstanda larinin ucuzlaşması müşahidə olunur. Bu, ölkəyə turistlərin marağını daha da artırıb.
Yaranan tendensiya ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Redaktor.az-a açıqlama verib.
O, bildirib ki, ölkədə turizm sahəsində rəqabət mühitinin formalaşdırılmaması yerli turistlərin qonşu ölkələrə axınına səbəb olur:
“Son illər Azərbaycan iqtisadiyyatında turizmin inkişafı prioritet sahə kimi götürülüb. Atılan addımlar fonunda müsbət dinamika əldə olundu. Hətta 2017-ci ildə turizm sahəsində əldə olunan valyuta tədiyyə balansında ölkədən çıxan valyutanı üstələdi. Lakin buna baxmayaraq, iqtisadiyyatdakı proseslər çox mürəkkəbdir. Bir çox hallarda ixrac imkanlarının gücləndirilməsi üçün milli valyutanın həddindən artıq möhkəmləndirilməsi müəyyən əngəllərə səbəb olur.
İqtisadi idarəetmədə lazımi koordinasiya yoxdur.
Bu gün Azərbaycan iqtisadiyyatında ən böyük problem ondadır ki, iqtisadi idarəetməyə cavabdeh olan qurumların fəaliyyətində lazımi koordinasiya yoxdur. Mərkəzi Bank milli valyutanın stabilliyinə, dayanıqlılığına və inflyasiyaya cavabdehdir. Yəni, Mərkəzi Bank valyutanı qoruyur. Lakin digər maliyyə qurumları öz vəzifəsinin öhdəsindən yetərincə gəlmir. Milli valyutanı iqtisadi baxımdan həddən artıq möhkəm edəndə pul kütləsi və investisiya azalır. Bu zaman xarici ticarət tərəfdaşları ilə rəqabəti davam etdirmək olmur. Hazırda bu vəziyyət müşahidə olunur.
Turizm infrastrukturunun yaxşılaşdırılmasına ehtiyac var.
Rəqabət mühitinin formalaşması üçün turizm sahəsində ciddi addımlar atılmalıdır. Bu gün Azərbaycandan Türkiyəyə, Gürcüstana turist axının müşahidə olunması mənfi tendensiyadır. Bu vəziyyətin yaranmasına təsir edən başlıca səbəb pul kütlələrinin kifayət qədər artırılmamasıdır. Turizm sahəsində lazımi rəqabət mühiti mövcud deyil. Bu baxımdan yerli turistlərin başqa ölkələrə üz tutması getdikcə artır”.
Turizm mütəxəssisi Anar Əliyev isə bildirib ki, azərbaycanlı turistlərin Gürcüstana kütləvi axını gözlənilmir:
“Larinin ucuzlaşması fonunda Azərbaycanla yanaşı, Körfəz ölkələri, Səudiyyə Ərəbistanı və digər xarici ölkələrdən də Gürcüstana üz tutan turistlər olur. Axın nəticəsində xidmətlərin qiymətində artım müşahidə olunmasa da, hotellərin qiyməti bahalaşıb. Azərbaycanlı turistlərin Gürcüstana kütləvi axını gözlənilmir. Burada tələb və təklif məsələsi əsas faktordur. Belə ki, təklif olunan 100 otağa tələb 200 nəfərdən ibarət olursa, bu halda qiymətlərdə bahalaşma müşahidə olunur. Larinin ucuzlaşması Gürcüstanın turizm sahəsinə ciddi zərər vurmayacaq”.
Gülşən Şərif / Redaktor.az