Azərbaycanda çimərlik turizmi niyə inkişaf etdirilmir? - Mütəxəssis AÇIQLADI

 16:45 13.06.2019     1433

Çimərlik mövsümünün başlamasına sayılı günlər qalıb.

Bu mövsümdə istirahətini şəhərdən kənarda keçirə bilməyənlər, çimərliklərə üz tuturlar. Çimərliklərimizə üz tutan xarici turistlərin sayı isə olduqca azdır. Maraqlıdır ki, ölkədə çimərlik turizminin inkişafı ilə bağlı vəziyyət necədir? Bu sahənin daha yaxşı inkişafı üçün hansı addımlar atılmalıdır?

Turizm mütəxəssisi Röyal Cəbiyev Redaktor.az-a açıqlamasında bildirib ki, çimərlik turizminin inkişafı ürəkaçan deyil və bu sahədə nöqsanlar mövcuddur:

“Mövsümlə əlaqədar vətəndaşlarımız daha çox Nabran çimərliyinə üz tuturlar. Hətta turizm şirkətlərinə müraciət edən turistlər də oranı seçirlər. Ancaq Bakıda yerləşən çimərliklərin vəziyyətini qənaətbəxş hesab etmək olmaz. Dünyada çimərliklərin, demək olar ki, hamısı ictimaidir. Ölkəmizdə isə özəl çimərliklərin sayı daha çoxdur. Bu çimərliklərə girişin qiyməti 1-20 manat arasında  dəyişir. Çimərliklərimizin əksəriyyətində natəmizlik yüksəkdir. Nazirliyin açıqlamasında Nabran çimərliyi istifadəyə yararsız elan olunsa da, ora üz tutanlar var. Səbəb Nabranda qiymətlərin münasib olmasıdır.

Ölkəyə gələn xarici turistlər çimərliyə getməyə üstünlük vermirlər.

Azərbaycanda dəniz turizmi o qədər də inkişaf etməyib. Ona görə də ölkəyə gələn turistlər arasında çimərliyi seçənlər çox az olur. Məsələn, ərəb turistlər bölgələrimizdə meşə, şəlalə və göllərə getməyə daha çox üstünlük verirlər. Paytaxtda isə tarixi yerlərə və bahalı restoranlara gedirlər. Xarici turistlərdə çimərliklərimizə maraq olmamasının bir səbəbi də onları ölkəyə gətirən turizm şirkətlərinin xidmət səviyyəsi ilə bağlıdır. Bu şirkətlər çimərlik turizminin təbliğini aparmır və turistlərə təklif etmirlər. Nəticə etibarilə Xəzər dənizindən çimərlik məqsədilə istifadə yetərincə deyil. Çimərliklərin, istirahət mərkəzlərinin yaradılması, kotec, sanatoriya kimi məkanların istifadəyə verilməsi, ölkəmizə xarici turistlərin axınına şərait yarada bilər.

İş adamları çimərlik turizminin inkişafına maraqlı deyil.

Çimərlik fəaliyyətinin ilin cəmi 3 ayını əhatə etməsi iş adamlarının bu sahəyə meylli olmamasına səbəb olur. Qalan 9 ay ərzində çimərliklər açıq olmadığına görə, işçilər işsiz qalır. İş adamları daha çox bölgələrimizdə hotel sisteminə sərmayə yatırmağa can atır. Çünki hotellər ilin bütün fəsillərində fəaliyyət göstərir. Bu da iş adamlarına sərf edir.

Çimərlik turizminin inkişaf etdirilməsinə və fərqliliyə üstünlük verilməsinə ehtiyac var.

Çimərlik turizmini inkişaf etdirə bilməmişiksə, deməli, idarəetməni pis qurmuşuq. Halbuki, düzgün idarəçilik olsaydı, yüksək uğurlar əldə edə bilərdik. Çimərlik turizmində başlıca məqsəd, daha yüksək xidmətlər təklif etməklə, daha çox turist cəlb etməkdir. Bunun üçün çimərliklər müxtəlif fərqləndirici əlamətlərlə özlərini tanıtmalıdır. Çimərlikdə suyun təmizliyi, göstərilən xidmətlərin səviyyəsi, xilasedicilərin sayı, dəniz kənarının təmizlik səviyyəsi, kölgəlik, duş, sürüşkənlər, hətta sanitar qovşaq kabinələrinin vəziyyəti standartlara cavab verməlidir. Çimərlik olan hər bir ərazidə bu turizmin inkişaf etdirilməsi mümkündür. Bu turizm növünün inkişafı iqtisadi gəlirlərin artmasına səbəb ola bilər”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlamasına əsasən  Xəzər rayonu Türkan, Suraxanı rayonu Hövsan, Səbail rayonu Şıx, Qaradağ rayonu Sahil qəsəbəsinin və Sumqayıtın çimərliklərində zərərli maddələrin miqdarı normadan artıqdır. Eyni zamanda Xaçmaz rayonu Nabran bələdiyyə ərazisindəki çimərliklər istifadəyə yararsızdır.

Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri isə istifadəyə yararlıdır.

Gülşən Şərif / Redaktor.az