Ərəb turistlərin sayı niyə AZALIB? - Kurort zonalarımızda QİYMƏT SİYASƏTİ

 11:20 15.06.2019     902

Bakı MDB-nin ən yaxşı yay kurort zonalarından biri seçilib.

“TurStat” analitika agentliyinin hesabatına əsasən, reytinqin ilk beşliyində yer alan Bakı və Abşeron, həm də ən bahalı kurort zonası hesab olunub (sutkada 110 dollar).

Qiymətin yüksək olması turist axınına necə təsir edir?

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, turizm üzrə ekspert Azər Allahverənov Redaktor.az-a açıqlamasında bildirib ki, qiymətin yüksək olması turist axınının və gəlirlərin azalmasına yol açır:

“Bu il Bakı şəhərində kifayət qədər çox mötəbər tədbirlər keçirildi. Digər tərəfdən, turizm üzrə aidiyyatı strukturlarımız müxtəlif ölkələrdə keçirilən tədbirlərdə təmsil olunurlar. Həmin tədbirlərdə turizm sektorumuzun təklif etdiyi məhsullarla bağlı informasiyalar yayımlanır. Bu məlumatları dəyərləndirən beynəlxalq turizm şirkətləri isə tur paketlərində bu məsələni nəzərə alırlar. Bu və ölkədə keçirilən tədbirlər isə ölkəyə turist axınını artırıb və reytinqdə ilk beşliyə düşməyimizə yol açıb.

Ölkəyə gələn ərəb turistlərin sayı azalıb.

Ötən illə müqayisədə bu ilin birinci rübündə ərəb ölkələrindən Azərbaycana gələn ərəb turistlərin sayında azalma müşahidə olunur. Eyni zamanda, ötən il ərəb turistlərin çoxu Bakıda istirahət etməyə üstünlük verirdilər. Bu il isə onlar bölgələrimizə üz tuturlar. Lakin bölgələrimizdə də qiymət siyasəti düzgün aparılmır. Ölkəyə gələn turistlər əsasən qiymətlərin yüksək olmasından şikayətlənirlər.

Kurort qiymətlərinin ucuzlaşması turist axınını artırır.

Qiymətlərin ucuzlaşması bir çox sahələr üzrə gəlirlərin artmasına yol aça bilər. Məsələn, yerli ticarət obyektlərinin və nəqliyyat vasitələrinin xidmətləri fonunda gəlirlər artar, kənd təsərrüfatı məhsullarının satışı yüksələr. Bu isə əhalinin sosial rifahının yaxşılaşmasına yol açır.

Turizm sahəsində qiymət siyasəti yenidən nəzərdən keçirilməlidir.

Turizm sahəsində görüləsi işlər çoxdur. Azərbaycanda çox baha qiymətə xidmət göstərən obyektlər var. Halbuki, turizm sahəsində qiymət bahalığı rəqabət məsələsində rol oynamamalıdır. Turist axının artırılmasında maraqlıyıqsa, qiymətləri ucuzlaşdırmalıyıq. Bir şərtlə, qiymətin ucuzlaşması xidmət səviyyəsini aşağı salmamalıdır. Qiymət siyasəti ilə yanaşı, peşəkar kadr sistemi formalaşdırılmalı və kurort rəhbərinin peşəkarlığı artırılmalıdır”.

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə isə vurğulayıb ki, qurum heç vaxt reytinq göstəricilərini şərh etmir. Buna səbəb isə reytinqlərin şərh edilməsinə ehtiyac duyulmamasıdır.

Qeyd edək ki, reytinq tərtib olunan zaman vizasız rejim, yerli əhalinin rus dilini bilməsi, qonaqpərvərlik, ucuz istirahət, ləziz mətbəx və meyvələr kimi amillərə diqqət yetirilib.

Gülşən Şərif / Redaktor.az