Azərbaycana gələn turistlərin sayı artıb

 13:40 21.06.2019     544

Bu ilin yanvar-may aylarında Azərbaycana dünyanın 180 ölkəsindən 1 094,8 min və ya ötən ilin eyni dövrü ilə müqayisədə 3,7% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Redaktor.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, gələnlərin 28,5%-i Rusiya, 26%-i Gürcüstan, 10,9%-i Türkiyə, 7,7%-i İran, 3%-i Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,9% olmaqla Ukrayna və Hindistan, hər birindən 1,6% olmaqla Böyük Britaniya və Türkmənistan, hər birindən 1,2% olmaqla Pakistan və İraq, 14,4%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 69,1%-ni kişilər, 30,9%-ni isə qadınlar təşkil edib.

Hesabat dövründə Azərbaycana gələnlərin sayında daha çox artım Türkmənistan (1,9 dəfə), Misir (1,8 dəfə), Çin (1,8 dəfə), Hindistan (1,7 dəfə), Səudiyyə Ərəbistanı (1,7 dəfə), Böyük Britaniya (42,3%), Cənubi Koreya (31,4%), Yaponiya (30,1%), Almaniya (28%), Kanada (27,7%), Polşa (23,4%) və Gürcüstan (22,7%) vətəndaşları arasında qeydə alınıb.

Cari ilin yanvar-may aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 27,8% artaraq 54,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 3,6% artaraq 380,8 min nəfər olub.

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 60,4%-i dəmir yolu və avtomobil, 38,8%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.