Dövlət Turizm Agentliyi bələdçiləri vahid sistemdə qeydiyyatdan keçirməyə başlayıb

 14:39 25.06.2019     518

Dövlət Turizm Agentliyi tabeliyində olan qoruqlara turlar təşkil edəcək bələdçiləri Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının vahid sistemindən qeydiyyatdan keçirməyə başlayır.

Agentlikdən Redaktor.az-a verilən məlumata görə, iyulun 31-dək davam edəcək qeydiyyat prosesinin tətbiqində məqsəd xarici turistlər üçün Agentliyin tabeliyində olan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq, “Basqal” Dövlət Tarix-Mədəniyyət, “Xınalıq” Dövlət Tarix Memarlıq və Etnoqrafiya, “Lahıc” Dövlət Tarix-Mədəniyyət, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq (Şəki şəhəri “Karvansaray” Mehmanxana Kompleksi daxil olmaqla), “Kiş” Tarix-Memarlıq Qoruqlarına turlar təşkil edəcək turizm agentliklərinin nümayəndələrini və bələdçilərini bu qoruqlara yerli ziyarətçilər üçün nəzərdə tutulan giriş haqqından (2 manat) azad etməkdir.

Bu addımın məqsədi həm də Azərbaycandakı müxtəlif turist qrupları ilə çalışan bələdçilərin peşə standartlarını təkmilləşdirmək, ölkəmizi ziyarət edən yerli və əcnəbi turistlərə keyfiyyətli xidmətin göstərilməsinə zəmin yaratmaqdır.

Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası turizm agentlikləri nümayəndələrinin və bələdçilərin qeydiyyat zamanı daxil edəcəkləri məlumatların təhlükəsizliyinə və şəxsi icazələri olmadan üçüncü tərəfə ötürülməyəcəyinə təminat verir.

Agentlik xəbərdarlıq edir ki, iyulun 31-dək qeydiyyatdan keçməyən turizm agentlikləri nümayəndələri və bələdçilər avqustun 1-dən adları sadalanan qoruqlara 2 manat ödəməklə daxil ola biləcəklər.