Azərbaycanda sadə vətəndaşlar turizmdən NİYƏ GƏLİR ƏLDƏ EDƏ BİLMİR?

 14:57 30.07.2019     479

“Azərbaycanda turizmin xalqın biznesinə çevrilməməsi, kütləvi gəlir yeri olmaması və rəqabətli mühitin yaranmaması fundamental problemə çevrilib”.

Redaktor.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli bildirib.

Ölkə turizminin vəziyyətini şərh edən iqtisadçı vurğulayıb ki, Azərbaycanda turizmin çox problemi və bəlası var:

“Mövcud problemlər fonunda turistlərə normal münasibət də yoxdur. Gürcüstanda əhalinin 29%-i birbaşa turizmdən pul qazanır, turizmin iqtisadiyyatda multiplikativ effekti də var. Yəni, yan sahələrlə birlikdə Gürcüstan əhalisinin 40%-dən çoxu turizmdən xeyir görür. Türkiyədə isə 2 mln. insan birbaşa turizm sektorunda çalışır. Yan sahələri və multiplikativ effekti də nəzarə alınarsa, daha 9 mln. nəfər (əsasən turizm mövsümündə) turistdən xeyir görür. Məhz buna görə həm Gürcüstanda, həm də Türkiyədə turizm ciddi inkişaf edib və edəcək”.

İqtisadçı qeyd edib ki, Azərbaycanda isə rəsmi rəqəmlərə görə turizm sektorunda cəmi 23 min insan çalışır:

“Yan sektorları da nəzərə alsaq, bu rəqəm maksimum 40 min ola bilər. Yəni, turizm sektoru əsasən məmurlara məxsus iri şirkətlərin inhisarındadır. Bu səbəbdən turizmin inkişafı ləng gedir, xalq bu sektordan birbaşa xeyir görmür və nəticə olaraq da multiplikativ effekt əvəzinə multfilm alınır”.

Gülşən Şərif / Redaktor.az