Gürcüstandan Azərbaycana gələn turistlərin sayı AÇIQLANIB

 11:23 23.08.2019     413

2019-cu ilin ikinci rübündə Gürcüstandan Azərbaycana 117.9 min nəfər səyahət edib.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin rüblük hesabatında məlumat verilib. Bildirilib ki, hesabat dövründə Gürcüstandan Azərbaycana edilən turist səfərləri bu ölkədən xaricə edilən səfərlərin ümumi sayının 20.4 faizini təşkil edib.

Hesabat dövrü ərzində Gürcüstandan ən çox turistin Türkiyəyə getdiyi bildirilib. Aprel-iyun ayları ərzində Gürcüstandan Türkiyəyə  gedən turistlərin sayı 255.3 min nəfər olub ki, bu da hesabat dövründə xaricə səfər edən turistlərin ümumi sayının  44.3 faizini təşkil edib.

Bu ilin 2-ci rübündə ümumilikdə 780.1 min Gürcüstan sakini xaricə səfər edib ki, bundan 561 mini ziyarət məqsədi ilə edilib. Səyahət edənlərin 45.3 faizini 31-50 yaş aralığında olan insanlar təşkil edir. Ümumilikdə 325.6 min nəfər turizm məqsədi ilə xaricə səfər edib. Ziyarətlər orta hesabla 3.8 gün çəkib və 94.9 faizi təkrarlanan səfərlərdir. 

Aprel-iyun ayları ərzində gürcü turistlərin səfər xərcləri ümumilikdə 617.5 milyon lari təşkil edib ki, adambaşına düşən səfər xərci orta hesabla 1 100.7 lariyə bərabər olub.//Apa.az