Bu il xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 14% artıb

 14:07 20.12.2019     2925

Bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,1% artaraq 5,095 mln. nəfər olub.

Dövlət Statistika Komitəsindən Redaktor.az-a verilən məlumata görə, hesabat dövründə ölkə vətəndaşlarının 36,7%-i İrana, 28,7%-i Gürcüstana, 17,6%-i Rusiyaya, 11,5%-i Türkiyəyə, 5,5%-i isə digər ölkələrə gedib. Gedənlərin 64%-ni kişilər, 36%-ni qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,5%, Gürcüstana gedənlərin sayı 12,7%, Rusiyaya gedənlərin sayı 6,2%, Türkiyəyə gedənlərin sayı isə 4,5% artıb.

Cari ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 82,5%-i dəmir yolu və avtomobil, 16,8%-i hava, 0,7%-i isə su nəqliyyatından istifadə edib.