Azərbaycanda turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb

 13:37 15.01.2020     3437

Yanvarın 15-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən hazırlanan turizm sektoru nümayəndələrinin etik kodeksi ictimaiyyətə təqdim olunub.

Redaktor.az xəbər verir ki, təqdimatda Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid də iştirak ediblər.

Rüfət Hacıyev beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanan etik kodeksin turizm sektorunun bütün nümayəndələri, o cümlədən, turistlər üçün nəzərdə tutulduğunu deyib. Onun sözlərinə görə, sənəddə turistlərin düzgün qarşılanması və yola salınması, onlara keyfiyyətli xidmətin göstərilməsi, turistlərin təhlükəsizliyi və məmnunluğunun təmin edilməsi öz əksini tapıb: "10 maddədən ibarət olan tövsiyə xarakterli sənəddə ümumi turizm qaydaları və etik normalar öz əksini tapıb. Turizm prosesi iştirakçılarının vəzifələri, turistlərin və turizm subyektlərinin hüquqları, yerli əhalinin turizm fəaliyyətinə cəlb edilməsinə də xüsusi yer ayrılıb".

R.Hacıyev turizm agentliklərinin göstərdiyi xidmətin keyfiyyətini artırmaq və müştəri məmnunluğunu təmin etmək üçün assosiasiyaya üzv olan agentliklərlə müştərilər arasında mütləq formada ikitərəfli müqavilə imzalanacağını da diqqətə çatdırıb: "Tərəflər arasında imzalanacaq vahid sənəd turagentlərlə müştərilərin hüquq və vəzifələrini özündə əks etdirəcək".

Azərbaycana səfər edən turistlərə düzgün və keyfiyyətli xidmət göstərilməsinin vacibliyinə toxunan Florian Zenqsşmid bu sahədə mövcud olan bəzi problemlərin həllində etik kodeksdən istifadənin fayda verəcəyini deyib. O, bütün turizm iştirakçılarına bu kodeksdən yararlanmağı tövsiyə edib.

Sonda Rüfət Hacıyev Azərbaycanın turizm bazarında fəaliyyət göstərən subyektlərə müraciət edərək öz fəaliyyətlərində ölkənin ümumi turizm maraqlarına xidmət edən bu etik normaları nəzərə almağa çağırıb.

Tədbir çərçivəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvlərinə üzvlük sertifikatları da təqdim olunub.//Apa.az