Azərbaycanın turizm imkanları təqdim olundu - İsraildə

 16:21 12.02.2020     4871

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən turizm şirkətləri İsrailin Təl-Əviv şəhərində keçirilən “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2020) sərgisində iştirak edir.

Redaktor.az xəbər verir ki, sərgidə Azərbaycanı 80 kv. metrlik stendlə 4 hotel, 3 turoperator və “Dağ Yəhudiləri Muzeyi” təmsil edir.

Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktorunun müavini Bəhruz Əsgərov bildirib ki, İsrail son illər turizm üzrə Azərbaycana maraq göstərən ölkələr arasında xüsusilə seçilir. O, İsrail bazarının Azərbaycan üçün vacibliyini qeyd edərək ötən illərlə müqayisədə israilli turistlərin sayında artım olduğunu və Azərbaycana marağı daha da artırmaq üçün yeni turizm məhsullarının hazırlandığını diqqətə çatdırıb:

“Əminliklə demək olar ki, göstəricilər daha da artacaq, çünki zəngin turizm potensialı, Azərbaycandakı qədim yəhudi irsi, iki xalq arasında dostluq münasibətləri, qarşılıqlı maraqlar faydalı əməkdaşlıq üçün geniş imkanlar yaradır”.

2019-cu ildə Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı 47 min nəfər təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 66.8% artım deməkdir. Bu ilin yanvar ayında isə Azərbaycana 1722 İsrail vətəndaşı gəlib və bu da 2019-cu ilin yanvar ayı ilə müqayisədə 158% artım deməkdir.