Azərbaycana səfər edənlərin sayı ötən ay 16% artıb

 17:52 16.03.2020     1633

Bu ilin fevral ayında Azərbaycana 200 minə yaxın xarici vətəndaş səfər edib ki, bu da 2019-cu ilin fevral ayına nisbətdə 27 min nəfər və ya 15,8% çoxdur.

Dövlət Turizm Agentliyindən Redaktor.az-a verilən məlumata görə, gələnlərin sayına görə Gürcüstan (59 min) və Rusiya (55 min) ən yüksək göstəricilərə malikdirlər. Ötən ilin fevral ayı ilə müqayisədə bu ölkələrdən gələnlərin sayında müvafiq olaraq 6 min və 10 min nəfər artım müşahidə olunub. Türkiyədən gələnlərin sayı 5,9% artım ilə 24 min nəfər, Yaxın Şərqdən gələnlərin sayı isə 11,2% artım ilə 11 min nəfər təşkil edib. Yaxın Şərq ölkələri arasında ən böyük artım Səudiyyə Ərəbistanı və İsrail üçün müşahidə olunub. Bunlar müvafiq olaraq 140,6% və ya 2 min və 31,7% və ya 770 nəfər artıb. İrandan gələnlərin sayı 2019-cu ilin fevral ayı ilə müqayisədə 2,5 min nəfər və ya 23,5% artaraq 13 min nəfərə çatıb. Cənubi və Mərkəzi Asiyadan gələn səyahətçilərin sayı müvafiq olaraq 50% və 14,4% artaraq 10 min və 7 min nəfərə çatıb.

Nümayəndəliklərin təsis olunduğu ölkələrdən (Çin, Hindistan, Rusiya, Almaniya, Səudiyyə Ərəbistanı, BƏƏ) 2020-ci ilin fevral ayında 69 min nəfər (24% artım) səyahətçi gəlib. Bu ölkələrdən Rusiya (23,4%), Hindistan (83%) və Səudiyyə Ərəbistanından (140,6%) gələnlərin sayında əhəmiyyətli artım müşahidə olunub.

2020-ci ilin yanvar-fevral aylarında Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 17% artıb. Ən çox əcnəbi qonaq Gürcüstan (122,5 min nəfər) və Rusiyadan (122,4 min nəfər) gəlib.

Yaxın Şərq ölkələri arasında gələnlərin sayında ən yüksək faiz artımı Səudiyyə Ərəbistanı (233,4%), İsrail (131,4%) və Küveytdən (53,5%) gələn əcnəbi vətəndaşların sayında müşahidə olunub. Bu ölkələrdən gələnlərin sayı müvafiq olaraq 11 min, 3 min və 7 min nəfər təşkil edib. //APA