Azərbaycana gələn turistlərin sayı açıqlandı

 12:58 03.04.2020     1006

Bu ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 149 ölkəsindən 426,1 min və ya ötən ilin eyni dövrü ilə müqayisədə 17% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Redaktor.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verirki, gələnlərin 28,7%-i Rusiya Federasiyası, 28,7%-i Gürcüstan, 11,2%-i Türkiyə, 6,2%-i İran, hər birindən 2,6% olmaqla Səudiyyə Ərəbistanı və Hindistan, hər birindən 1,8% olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Ukrayna, 1,6%-i Küveyt, 1,5%-i Pakistan, 1,4%-i Qazaxıstan, hər birindən 1,1% olmaqla Türkmənistan və İraq, 0,9%-i Böyük Britaniya, hər birindən 0,8% olmaqla İsrail və Özbəkistan, 7,1%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 72,3%-ni kişilər, 27,7%-ni isə qadınlar təşkil edib.

Ölkəmizə bu ilin yanvar-fevral aylarında gələnlərin sayında daha çox artım Səudiyyə Ərəbistanı (3,3 dəfə), İsrail (2,3 dəfə), Macarıstan (dəfə), Hindistan (1,8 dəfə), Küveyt (1,5 dəfə), Bəhreyn (1,5 dəfə), Belarus (35,5%), Moldova (30,7%), Qazaxıstan (27,7%), Özbəkistan (26,2%), İran (24,9%), Rusiya Federasiyası (21,7%), Almaniya (20,4%), Ukrayna (18,3%) və Pakistan (17,4%) vətəndaşları arasında qeydə alınıb.

Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,7% artaraq 12,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 21,2% artaraq 147,7 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 17,4% artaraq 62,2 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 64%-i dəmir yolu və avtomobil, 35%-i hava, 1%-i isə dəniz nəqliyyatından istifadə edib.