Azərbaycanda bu sahədə çalışanlara da yardım ediləcək - AÇIQLAMA

 19:18 05.05.2020     8164

Koronavirus pandemiyasının meydana çıxması turizmə də öz mənfi təsirini göstərdi. Yerli, eləcə də beynəlxalq turist aktivliyi sıfıra düşdü. 

Pandemiyanın yaratdığı böhran vəziyyətindən qısa zamanda qurtularaq, turizm sektorunun yenidən canlandırılması məqsədi ilə ölkələr fəaliyyət mexanizmi hazırlamağa başlayıblar. Avropa İttifaqı (Aİ) koronavirus pandemiyasından sonra turizm sektorunu dəstəkləmək üçün tədbirlər planı hazırlayacaq. Bundan başqa, bir sıra ölkələr isə yay turizm mövsümünün başlayacağı tarixləri təyin etməyə başlayıblar.  Yay turizm mövsümünü iyulun 1-də açmaq niyyətində olan Bolqarıstan bu işə iyunun ortalarından başlamağı planlaşdırır. 

Azərbaycanda turizm mövsümünün tarixi müəyyənləşib? 

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə Redaktor.az-a bildirib ki, ölkədə turizim mövsümünün başlaması karantin bitdikdən sonra müəyyənləşdirilə bilər: 

"Karantin bitdikdən sonra bu məsələyə aydınlıq gətirmək olar. Dövlət Turizm Agentliyi olaraq yeni turizm mövsümünün açılışına hazırlaşırıq. İlk növbədə düşünülür ki, bu daxili turizmlə həyata keçiriləcək. Sərhədlər açıldıqdan sonra isə xarici turizmin - xaricdən gəlmə və getmə turizminin də bərpasından danışmaq mümkün olacaq. Koronavirus epidemiyası elə bir vəziyyətə gətirib çıxarıb ki, hətta yay turizm mövsümünün olmayacağını da ehtimal edə bilərik. Hər şey mümkündür və bunlara hazır olmaq lazımdır. Amma ümid edirik ki, karantin dövrü bitəndən sonra yavaş-yavaş turizm sənayesi bərpa olunacaq. Bu isə şəraitdən və qərarlardan asılıdır". 

Kənan Quluzadə: “Regionlardakı turizm informasiya mərkəzlərinin ...

İndiki dövrdə turizm bir çox ölkələrdə ən vacib iqtisadi sektorlardan biridir. Turizm mütəxəssisləri 2020-ci ildə beynəlxalq səyahət aktivliyinin rekord həddə çatacağını proqnazlaşdırsa da, gözlənilməz hadisələr hər şeyi dəyişdi. 

Kənan Quluzadə bildirib ki, dünya turizmi hazırda sıfırlanmış və start nöqtəsindədir:

"Hazırda dünya turizmi faktiki olaraq sıfırlanıb. Turizm tarixdə belə böhran şəraiti yaşamayıb. Dünyada turizm böhranı XXI əsrin əvvəlində, 11 sentyabr hadisələri, SARS epidemiyası, 2008-ci ilin qlobal iqtisadi böhranı zamanı yaşanmışdı. Lakin hər dəfə sıçrayışla inkişaf etməyi bacarıb. Pandemiya bitəndən sonra inanırıq ki, bu cür aktiv bərpa prosesi yenidən baş verəcək. Lakin anlamaq lazımdır ki, budəfəki inkişaf fərqli şəraitdə baş tutacaq. Çünki insanlarda ilk zamanlarda özünü qorumaq, sağlamlıq məsələləri daha öndə olacaq. Ona görə də turizm sənayesi gözləntilərə və psixoloji duruma uyğunlaşdırılacaq".

Virus daha çox ərazini əhatə etdikcə, turizm itkilərinin miqdarını təyin etmək də çətinləşir. Çünki rəqəmlər hər an dəyişir. Pandemiyanın uzun müddət davam edəcəyi halda, dünyanın ən böyük turizm şirkətlərini təmsil edən Ümumdünya Səyahət və Turizm Şurası 75 milyon iş yeri və 2,1 trilyon dollar gəlirdən məhrum olacağını proqnozlaşdırdığını bildirib.

Azərbaycanda turizim sənayesində zərərin miqdarı nə qədərdir?

"Dövlət Turizm Agentliyi və turzim sənayesinin üzvləri olaraq, turizmin yenidən bərpasına, yenidən Azərbaycanın turizm məkanı kimi rəqabətinin artırılımasına hazırlaşırıq. Bunun üçün bütün mexanizmlərdən istifadə olunur. Müxtəlif onlayn görüşlər, treyninqlər, vebinarlar keçirilir, bazarlarla iş və s. aparılır ki, start zamanı hazırlıqlı olaq. Dövlət ümumilikdə iqtisadi sahəyə dəstək paketi verib. Bundan əlavə yeni mexanizmlər işlənir ki, turizmçilərə mümkün qədər yardım edilsin. Bunlar  araşdırılır. Həm dəymiş zərərin hesablanma, həm də yardım mexanizmlərinin hazırlanma prosesi gedir", - deyə Kənan Quluzadə əlavə edib.

Sevda Ulutau / Redaktor.az