İki nüvə dövlətini müharibəyə sürükləyən gerçək səbəblər... - GÜNÜN ŞƏRHİ

"Çin və Hindistan Asiyanın əsas ölkələrindən biridir. Sürətli inkişaf dinamikasına, ucuz işçi qüvvəsinə və təbii resurslarla zəngin torpaqlara sahibdirlər. Dünya iqtisadiyyatının əsas güclərindən hesab olunurlar. Bu baxımdan iki ölkə arasında müharibə dünya iqtisadiyyatına ağır zərbə olar. Bu, heç kimin maraqlarına uyğun deyil".
Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. O bildirib ki, Çinlə Hindistan arasında hazırda davam edən sərhəd münaqişəsi yarım əsrə yaxın bir keçmişə dayanır:
“Onillər keçsə və tarixi şərait dəyişsə də, iki ölkə arasında 3488 kilometrlik sərhəd xətti ilə bağlı fikir ayrılıqları hələ də mövcuddur.
Bunun kökündə isə keçmiş Britaniya Hindistanı ilə Tibet arasında sərhəd xəttinin müəyyənləşdirilməsi məsələsində mübahisəli ərazilərin olması dayanır.
Demçok, Çumar, Daulat Beq Oldie, Qalvan vadisi və Ladaxdakı Panqonq Tso gölü ətrafında 3488 kilometrlik sərhəd xətti ilə bağlı fikir ayrılıqları mövcuddur. Sərhəd problemini həll etmək üçün 1993-cü ildə Hindistan-Çin sərhəd bölgələrində “Həqiqi idarəetmə xətti boyu sülh və dincliyin müdafiəsi haqqında” saziş imzalansa da, o vaxtdan sərhəd mübahisəsi səngimək bilmir”.
Politoloq Hindistan və Çin arasında müharibə ehtimalından da danışıb:
“Bu günə qədər dünyada yüzlərlə müharibələr olub və bəlli ki, bundan sonra da olacaq. Amma günümüzə qədər olan müharibələrdən yalnız ikisi “Dünya müharibəsi” adlanır. Hazırda dünyada bir daha belə bir qlobal miqyaslı müharibənin olmaması üçün beynəlxalq hüquq və normalar tərtib edilib. Bununla belə, illərdir Üçüncü Dünya müharibəsi ilə bağlı ssenarilər səslənir. Məsələ ondadır ki, bu müharibə digərlərindən fərqlənəcək: nüvə müharibəsi olacaq.
Amma düşünürəm ki, bu gün Hindistanla Çin arasında sərhəd qarşıdurmalarının genişmiqyaslı müharibəyə çevrilmə ehtimalı azdır”.
T.Rzayev Çin-Hindistan qarşıdurmasında ABŞ-ın rolundan da bəhs edib:
“Hindistan və Çin arasında sərhəd münaqişəsinin birdən-birə bu cür alovlanmasında ABŞ-ın da təsiri mümkündür. İki nüvə gücünün toqquşması dünya ictimaiyyətinin diqqətini ABŞ-da baş verən hadisələrdən yayındırmağa kifayət edir”, - deyə politoloq bildirib.
Mahir Ələkbərov / Redaktor.az