Gürcüstan DTX Marneuli haqqında telesüjet barədə istintaqa başladı

 19:43 25.06.2020     961

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yerli “Mtavari arxi” televiziya kanalının iyunun 20-də Marneuli haqqında yayımladığı süjet barədə istintaqa başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə DTX-dən bildirilib.

Qeyd olunub ki, süjet yalana əsaslanıb və əhali arasında dezinformasiya yaratmaq məqsədi daşıyıb.

Süjetdə iddia olunub ki, Marneulidə vəfat edən şəxslərin ölüm səbəbinin koronavirus kimi göstərilməsi üçün tibbi heyət və yerli hakimiyyət orqanlarının nümayəndələri onların ailə üzvlərinə 3 000 laridən 10 000 lariydək pul təklif ediblər.

DTX-dən bildirilib ki, “Mtavari arxi”nin bu hərəkəti hökuməti nüfuzdan salmaq, onu qanunsuz hərəkətlərdə ittiham etməklə yanaşı, cəmiyyətdə qeyri-əminlik hissi və dezinformasiya yaratmağa cəhd olub.

Faktla bağlı istintaq Cinayət Məcəlləsinin sabotaj maddəsi üzrə aparılır.

Qeyd edək ki, bu gün adıçəkilən süjetdə yer alan Marneuli sakini olan iki azərbaycanlı qadın DTX-də sorğu-sual olunub. / Report