Sabiq prezident xəstəxanaya yerləşdirilib - Qırğızıstan

 10:18 30.06.2020     446

Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayev xəstəxanaya yerləşdirilib.

Redaktor.az-ın xəbərinə görə, 29 iyun tarixində A. Atambayev özünü pis hiss edib. Daha sonra sabiq Prezidentdən koronavirus testi götürülüb, onun testinin nəticəsi neqativ olub.

Bundan sonra həmin gün həkimlər onlayn-konsilium keçiriblər və sabiq Prezidentə ikitərəfli pnevmoniya diaqnozu qoyulub.

Bununla əlaqədar A. Atambayevin xəstəxanaya yerləşdirilməsi haqda müvafiq qərar qəbul edilib.

Qeyd edək ki, iyunun 23-də A. Atambayev Bişkekin 1 May Rayon Məhkəməsinin hökmü ilə 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, A. Atambayev ötən ilin avqust ayında həbs edilib. Sabiq prezidentə qarşı Qırğızıstanda vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya da daxil olmaqla, bir neçə maddə üzrə ittiham irəli sürülüb.