ABŞ yüz minlərlə xarici tələbəni ölkədən çıxarır

 16:15 08.07.2020     3373

ABŞ hökuməti koronavirus səbəbiylə payız semestrini onlayn şəkildə təşkil edən təhsil müəssisələrində oxuyan xarici tələbələrdən ölkəni tərk etmələrini istəyib.

Redaktor.az xəbər verir ki, Harvard Universiteti başda olmaqla, bəzi universitetlər növbəti tədris ilini onlayn keçirmək qərarına gəlib. Bundan sonra ABŞ Sərhəd və Gömrük Mühafizə Birliyi (ICE) xarici tələbələrlə bağlı açıqlama yayıb.

Tamamən internet üzərindən təhsil sisteminə keçən universitetlərdə oxuyan tələbələrə yeni viza verilməyəcəyi ifadə edilib. Həmçinin, hazırda ABŞ-da olan xarici tələbələrin ölkəni tərk etmələrinin lazım olduğu vurğulanıb.  

Tələbələrin hüquqi statusunun qorunması üçün onların tam və ya qismən üz-üzə təhsil təklif edən digər universitetlərə keçə biləcəkləri də qeyd olunub. Bundan əlavə, həm onlayn, həm də üz-üzə təhsil verəcək universitetlərdə xarici tələbələr yalnız 1 dərs və ya 3 kredit almaq hüququna sahib olacaqlar.

Ölkəni tərk etməyən xarici tələbələrin mühacirət deportasiyası problemi ilə qarşılaşa biləcəkləri qeyd olunub. 

Amerika Təhsil Şurası isə yüz minlərlə xarici tələbəni əhatə edən qərarı “dəhşətli qərar” adlandırıb.

Sevda Ulutau / Redaktor.az