Britaniyada daha 120 min insan ölə bilər - İkinci dalğa

 01:25 15.07.2020     448

Qış fəslində Birləşmiş Krallığı koronavirusun ikinci dalğası gözləyir. Yeni dalğa ən pis ssenariyə görə, bu ilin sentyabrından 2021-ci ilin iyun ayınadək Böyük Britaniyada 120 min nəfərin ölümünə səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, bu proqnoz Böyük Britaniya Tibb Elmləri Akademiyasının hazırladığı məruzədə yer alır. Məruzənin müəlliflərindən biri olan Stiven Holqeytin sözlərinə görə, britaniyalılar qış mövsümündə vaxtlarını əsasən qapalı məkanlarda keçirdiyindən pandemiyanın ikinci dalğası zamanı vəziyyət indikindən daha mürəkkəb olacaq.

Tədqiqatlar zamanı məlum olub ki, hazırda 10 koronavirus xəstəsi 7-9 nəfəri yoluxdura bilir. Bu göstərici 2020-ci ilin sentyabrında 17 nəfərə yüksələ bilər.

Alimlər hadisələrin neqativ yöndə inkişafı riskini azaltmaq üçün bir sıra təxirəsalınmaz tədbirlər görməyə çağırırlar. Onların fikrincə, ilk növbədə, may ayının sonlarından başlayan “Test and trace” (Test və izləmə) proqramını genişləndirmək lazımdır. İkincisi, mümkün qədər çox britaniyalıya qrip əleyhinə peyvənd edilməlidir. Həmçinin xəstəxanalar və qocalar evi fərdi qorunma vasitələri ilə yetərincə təmin olunmalıdır.

Böyük Britaniya COVID-19 koronavirusundan ən çox zərər çəkən ölkələrdən biridir. Pandemiyanın statistikasını aparan Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 19:00-a olan məlumatına əsasən, Birləşmiş Krallıqda koronavirusa 290 mindən çox yoluxma və 44 min 830 ölüm faktı qeydə alınıb. //Azərtac