Bastiliya Günü həkimlərə həsr olundu - Fransa

 05:20 15.07.2020     914

Fransanın milli bayramı olan 14 iyul - Bastiliya Günü bu il COVID-19 pandemiyasına görə bir qədər fərqli şəkildə qeyd olunub.

Redaktor.az xəbər verir ki, prezident Emanuel Makronun təşəbbüsü ilə builki bayram tədbirlərində koronavirusla mübarizədə ən ağır yükü üzərlərinə götürmüş həkimlər və səhiyyə işçiləri ön plana çıxarılıb.

Belə ki, 1945-ci ildən bu yana ilk dəfədir Parisin Yelisey meydanında əlamətdar gün münasibətilə hərbi parad keçirilməyərək əvəzində Konkord meydanında əsas qoşun növlərini təmsil edən məhdud sayda – 2 minədək hərbçinin iştirakı ilə, hərbi texnikasız keçirilən tədbirə ağ geyimli səhiyyə işçiləri də qoşulub.

Hava paradına gəlincə, bu dəfə paytaxt üzərində cəmi bir neçə təyyarə və helikopterlər dəstəsi hərəkət edib. Bir saatadək davam edən tədbirin sonunda Fransa Hava Qüvvələrinin “Patrouille de France” nümayiş dəstəsi səmada dövlət bayrağının göy, ağ, qırmızı rənglərindən savayı ayrıca həkimlərin şərəfinə daha bir ağ zolaq da çəkiblər.

Həmçinin koronavirus epidemiyası dövründə tətbiq edilən qaydalara uyğun olaraq bayram tədbirinə cəmi 5 minədək sakin toplaşaraq tamaşa ediblər. Sonda Konkord meydanında dövlət himni “Marselyoza” sədaları altında böyük dövlət bayrağı açılıb.

Bayram günü münasibətilə prezident E.Makron daha əvvəl “Twitter” hesabında aşağıdakıları yazıb: “Bu 14 iyul günündə biz virusa qarşı bütün qüvvəsini, bütün istedadını, bütün insanlığını ortaya qoyanlara ehtiramımızı bildirəcəyik”. //Report

France Celebrates Bastille Day Despite Virus - The New York Times