İsveç qəzeti: Ermənistanın təcavüzü pislənməlidir

 18:24 17.10.2020     69

İsveçin “Länstidningen Södertälje” qəzetində bu ölkədə fəaliyyət göstərən İsveçin Gənc Azərbaycanlıları təşkilatının (SUAZ) sədri Mahirə Muxtarovanın "Ermənistanın təcavüzü pislənməlidir" adlı məqaləsi dərc olunub.

Redaktor.az xəbər verir ki, məqalədə Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları barədə məlumat verilir. Ermənistan tərəfindən Azərbaycanın müxtəlif şəhərlərinin raket atəşinə tutulması nəticəsində günahsız insanların qətlə yetirildiyi diqqətə çatdırılır.

Müəllif oxuculara münaqişənin tarixi, Ermənistanın müharibə cinayətləri, azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasəti barədə ətraflı məlumat verir. Bildirir ki, Ermənistanın Azərbaycana hücumu azərbaycanlıların kütləvi deportasiyası və qətlləri ilə müşayiət olunub. Azərbaycan isə Ermənistan kimi monoetnik bir ölkə deyil və ölkəni azlıqlardan təmizləməyə yönəlmiş bir siyasət həyata keçirmir. Məqalədə bununla bağlı Prezident İlham Əliyevin çıxışından sitatlar gətirilir.

Məqalədə qeyd edilir ki, hazırkı hərbi əməliyyatların məqsədi özünümüdafiə, təcavüzkar bir qonşunun ekspansionist ambisiyalarından qorunmaq və köçkün vətəndaşları evlərinə qaytarmaqdan ibarətdir. Bunu nəzərə alaraq Ermənistanın addımlarını pisləməkdən başqa bir şey qəbuledilməzdir. Azərbaycanın özünü müdafiə etmək hüququ var. //Report