Ceyhun Bayramov və Lavrov telefonla danışıb

 03:15 18.10.2020     87

Ötən gün Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Redaktor.az xəbər verir ki, nazir Ceyhun Bayramov rusiyalı həmkarına Azərbaycanın Gəncə şəhərinə Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsdən sonra ikinci dəfə mənfur raket hücumunun həyata keçirildiyini bildirib. Raket atəşinin mülki əhali arasında ağır itkilərə səbəb olduğunu söyləyən nazir, bu müharibə cinayətinin məsuliyyətinin Ermənistan rəhbərliyinin üzərində olduğunu vurğulayıb.

Xarici İşlər naziri Sergey Lavrov hansı şəraitdə olursa olsun mülki şəxslərin tələfatının qəbuledilməz olduğunu bildirib. O, Moskva görüşü zamanı razılaşdırılmış humanitar atəşkəsə riayət edilməsinin vacibliyini vurğulayıb. ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə baza prinsipləri əsasında mahiyyət üzrə danışıqlara başlanılmasının zəruriliyi qeyd olunub.