Azərbaycan ABŞ üçün əlverişli tərəfdaşdır - Bayden seçilərsə...

 16:31 05.11.2020     1346

ABŞ-da prezident seçkilərinin nəticələri hesablanmağa davam edir. Hazırda Co Baydenin üstünlüyü var.

Bəs, Co Bayden qalib gələcəyi halda ABŞ-ın daxili siyasətində hansı dəyişikliklər ola bilər?

Politoloq İlqar Vəlizadə Redaktor.az-a açıqlamasında bildirir ki, adətən rəqiblər arasında səs vermə sayının çox olmasını müşahidə etmişik. Lakin bu dəfə vəziyyət başqadır:

“Hesablamalar göstərir ki, Bayden Trumpdan 2% üstündür. Bu əslində çox böyük bir fərqdir. Çünki ABŞ seçkilərində bu əsaslı nailiyyət sayılır. Çox güman ki, C.Bayden qalibiyyətini elan edəcək. 

C.Bayden vitse-prezidenti olduğu zaman Barak Obamanın siyasəti kursunu icra edib. Daha çox daxili siyasətlə məşğul olub, nadir hallarda xarici siyasət onu marağlandırır. Lakin indi vəziyyət tamam başqadır.

Onun ilk düzəlişləri elə D.Trumpın mövcud siyasəti olacaq. Bu da ABŞ siyasətinə kifayət qədər yeni çalarlar gətirəcək. C.Bayden realist insandır, bu reallıqdan çıxış edərək siyasi yöndə də real vəziyyətə uyğun addımlar atacaq".

Ekspert C.Baydenin seçilməsinin Azərbaycan üçün faydasından danışaraq bildirib ki, Azərbaycanın hazırki gücü ABŞ üçün vacib amildir:

“ABŞ siyasətçiləri seçki öncəsi ermənipərəst mövqedə dayanırlar. Çünki erməni lobbisinin dəstəyinə ehtiyacları var. Seçki prosesində ermənilərin marağına uyğun fikirlər səsləndirirlər. C.Bayden də belə fikirlərlə çıxış etmişdi. Amma bu, heç də o demək deyil ki, onun gələcək siyasəti ermənipərəst olacaq.

ABŞ-ın iqtisadi, siyasi maraqlarını təmin etməkdə Azərbaycan daha güclü, əlverişli, faydalı tərəfdaşdır. Ermənistan ABŞ-a nə qazandıracaq? Təcrübə göstərir ki, ABŞ güclülərlə işləyir".

Şəfəq Samed \ Redaktor.az