Ermənistanın əsl qara günləri müharibədən sonra başlayacaq - Hərbi ekspert
Ermənistanın ağıllı siyasətçisi və siyasi rəhbəri olsaydı, yaranmış vəziyyətdən ciddi nəticə çıxarardı.
Bunu Redaktor.az-a açıqlamasında ehtiyatda olan polkovnik - leytenant, hərbi ekspert Üzeyir Cəfərov deyib.
O bildirib ki, bu qədər itkidən sonra Ermənistan hələ də dirəniş göstərməyə cəhd edirsə, bu, ağılsızlığın pik həddidir: "Azərbaycan Ordusu verilən tapşırığın tam əksəriyyətini yerinə yetirib. Yaxın günlərdə tapşırıq tam olaraq yerinə yetiriləcək. Əslində, Ermənistan kimi dövlətdən başqa addım gözləmək olmaz. Bu həmin Ermənistandır ki, döyüş meydanında əsgərinin ayağını bağlayıb ki, qaçmasın, əsgərin əllərini avtomobilin sükanına zəncirləyib. Belə bir ölkənin ordusundakı vəziyyətdən danışmaq artıqdır.
Ermənistanda dəhşətli dərəcədə xaos və biabırçılıq hökm sürür. Bu da gözlənilən idi. Bu gün faktiki olaraq orada xaosdur. Arvadını döyüşə göndərmək, silahları atıb qaçmaq, hərbi formanı əynindən çıxarıb mülki insan kimi gizlənmək, dustaqları silahlandırıb döyüşə göndərmək normal deyil, terrorsit ölkəyə xas olan amillərdir. Silahlanan dustaqlar bu silahdan döyüşdə deyil, Ermənistan daxilində də istifadə edib cinayət törədə bilərlər. Artıq erməni mətbuatı yazır ki, Dağlıq Qarabağdan Yerevana silah oğurluğu artıb, avtomat, tapança, pulemyot, qumbaralar Yerevana daşınır. Qondarma rejimin "prezidenti" deyilən Araik Arutyunyan bildirirdi ki, son damla qanına qədər döyüşəcək. Amma indi ortalıqda yoxdur. Əgər sağdırsa, Yerevana qaçıb".
Hərbi ekspert qeyd edib ki, Azərbaycan əsgəri Ermənistan ordusunun hansı vəziyyətdə olduğunu onlara sübut etdi: "Ermənistanın əsl ağır günləri hələ hərbi əməliyyatlar başa çatandan sonra başlayacaq: "Həm siyasi, həm iqisadi, həm də hərbi sahədə Ermənistanı böyük bəla gözləyir. Adi insanların məvaciblərini belə ödəməyə vəsait tapmayacaqlar. Həmçinin, Paşinyan döyüş meydanındakı itkilərə görə erməni xalqına hesabat verməli olacaq".