"Putin və Ərdoğan daim dialoqdadırlar" - Kreml

 13:57 13.11.2020     65

“Türkiyənin Dağlıq Qarabağda güc tətbiqinə əsaslanan həll ssenarisi ilə bağlı ardıcıl mövqeyi Rusiyanın nöqteyi-nəzərinə ziddir, lakin bu, ölkələr arasında sıx əməkdaşlığa mane olmur”.

Redaktor.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Türkiyə Dağlıq Qarabağda güc tətbiqinə əsaslanan həll ssenarisi ilə bağlı ardıcıl mövqe tutub: “Bununla əlaqədar olaraq, türkiyəli həmkarlarımızla ciddi şəkildə razılaşmadıq və razılaşmırıq. Bu, ən yüksək səviyyələr də daxil olmaqla bütün səviyyələrdə sıx əməkdaşlığımızı davam etdirməyimizə mane olmur. Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daim dialoqdadırlar. Müəyyən fikir ayrılıqlarının olması halında, prezidentlərin münasibətləri, lazım gəldikdə, bir sıra regional problemlərin həllini asanlaşdırmaq üçün səylərimizi birləşdirməyə imkan verir”, - D.Peskov bildirib.

Kremlin sözçüsü Putin və Ərdoğanın Rusiya, Azərbaycan və Ermənistan liderlərinin birgə bəyanatına hazırlıq zamanı danışdıqlarını təsdiq edib:

“Ümumilikdə, Rusiya və Türkiyənin maraqların üst-üstə düşmə nöqtələri çoxdur. Hər iki ölkə makroregionda sabitliyin olmasında maraqlıdır. Rusiya ilə Türkiyənin ticarət-iqtisadi əməkdaşlıq, investisiya əməkdaşlığı baxımından bir çox qarşılıqlı maraqları var. Əməkdaşlıq həm Moskvanın, həm də Ankaranın maraqlarına cavab verir”, - D.Peskov əlavə edib. //APA