Rusiya Qırğızıstana maliyyə yardımını bərpa edir

 03:17 15.11.2020     71

Qırğızıstan Respublikası və Rusiya Federasiyası respublikaya maliyyə yardımının mərhələli şəkildə bərpa edilməsi barədə razılığa gəlib.

Redaktor.az-ın məlumatına görə, bu barədə RİA "Novosti" agentliyinə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunur ki, şənbə günü Moskvada Qırğızıstanın Baş nazirinin birinci müavini Artyom Novikov və Rusiya Prezidenti Administrasiyası rəhbərinin müavini Dmitri Kozak arasında görüş keçirilib. Görüş zamanı tərəflər Qırğızıstanda hazırkı ictimai-siyasi vəziyyəti və inkişaf perspektivlərini müzakirə olunub. Görüşdən sonra Rusiya Federasiyası tərəfindən Qırğızıstan Respublikasına maliyyə yardımının tədricən bərpa edilməsi məsələsi razılaşdırılıb.

Xatırladaq ki, Qırğızıstanda oktyabrın 4-də keçirilən parlament seçkilərinin nəticələrinə qarşı kütləvi etirazlar oktyabrın 5-də başlayıb. Etirazçılarla təhlükəsizlik qüvvələri arasında yaşanan qarşıdurmadan sonra parlamentə gələ bilməyən müxalifət partiyalarının tərəfdarları, Prezident Administrasiyasının yerləşdiyi parlament binasını ələ keçirdi. Qarşıdurmalarda 1 200-dən çox insan yaralanıb, bir nəfər ölüb. Nəticədə, Qırğızıstan Baş naziri Kubatbek Boronov istefa verib. Etirazlar fonunda Qırğızıstan Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələrini ləğv etdi. Rusiya Qırğızıstandakı qeyri-sabit vəziyyətə görə, ölkəyə maliyyə yardımını dayandırmışdı.

Bişkekdəki iğtişaşlar oktyabrın 9-da yenidən başlayıb. Mərkəzi meydanda Baş nazir Sadır Japarovun tərəfdarları ilə müxalifləri arasında toqquşma baş verib. Hadisə zamanı 7 nəfər yaralanıb. Qırğızıstan Prezidenti Jeenbekovun oktyabrın 15-də könüllü istefasından sonra respublikada vəziyyət sabitləşib, etirazlar dayanıb. Dövlət başçısının səlahiyyətləri Japarova keçib. //APA