Zukerberq Trampın sosial şəbəkə hesablarını dondurdu

 23:10 07.01.2021     177

ABŞ-ın hazırkı Prezidenti Donald Trampın “Facebook” və “Instagram” hesabları azı 2 həftəlik dondurulacaq.

Redaktor.az xəbər verir ki, bu barədə “Facebook”un qurucusu Mark Zukerberq öz səhifəsində yazıb:

“Biz hesab edirik ki, Co baydenin inauqurasiya mərasiminə qədər Donald Trampın bizim xidmətlərimizdən istifadə etməsi risklidir. Bu səbəbdən onun “Facebook” və “Instagram” hesablarının bloklanması müddətini uzadırıq. Hakimiyyətin dinc yolla təhvil verilməsi proseduru yekunlaşana qədər azı 2 həftəlik qadağa olacaq”.

Mark sosial şəbəkələrdən "demokratik yolla seçilmiş hökumətə qarşı üsyanı alovlandırmaq" üçün istifadəni qəbuledilməz hesab etdiyini vurğulayıb.

Xatırladaq ki, Trampın tərəfdarları prezident seçkilərinin nəticələrinin təsdiqlənəcəyi iclasa mane olmaq üçün Konqres binasına hücum etmiş, nəticədə iğtişaş yaranmışdı. İnsident zamanı 4 nəfər ölüb. //Qafqazinfo