Qazaxıstanda parlament seçkiləri keçiriləcək

 19:14 08.01.2021     234

Yanvarın 10-da Qazaxıstanda parlament seçkiləri keçiriləcək. Ölkədə ilk dəfə siyasi partiyaların seçkilərə qatılması üçün tələb olunan imza sayı 40 mindən 20 minə endirilib və partiya siyahılarında qadınlar, gənclər üçün ayrılan kvota 30 faizə qaldırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Sözügedən seçkilər 1995-ci ildən bəri ilk dəfə Qazaxıstan Konstitusiyasında göstərilən vaxtda keçiriləcək. Parlamentdə təmsil olunan bütün siyasi partiya liderlərinə parlamentin ortaq iclaslarında çıxış etmək hüququ veriləcək.

Qeydiyyata alınmış 6 siyasi partiyadan 5-nin iştirak edəcəyi və ümumilikdə 312 millət vəkilinin yarışacağı seçkilərdə təxminən 11 milyon seçicinin səs verməsi gözlənilir.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, seçkiləri 30 ölkədən və 10 beynəlxalq təşkilatdan olan 398 müşahidəçi izləyəcək.

Xaricdə yaşayan vətəndaşların eyni gündə səs verməsi üçün 54 ölkədə 66 seçki məntəqəsi yaradılacaq.

Qeyd edək ki, xalq sonuncu dəfə 2016-cı ildə millət vəkillərini seçmək üçün sandıq başına keçmişdi.