Qarın təmizlənməsinə bir həftədən çox vaxt tələb olunur - Madrid

İspaniyanı cənginə alan, ölkə tarixində misli görünməyən qar fırtınası ölkəyə, xüsusən Madridə olduqca sərt soyuqlar gətirəcək.
Redaktor.az xəbər verir ki, paytaxtın hakimiyyət orqanları şəhərin qardan təmizlənməsinə bir həftədən çox vaxt lazım olacağını bildirirlər. Dövlət Meteoroloji Agentliyinin məlumatına görə, ölkə ərazisinin böyük hissəsində temperaturun mənfi 8-dən aşağı olacağı gözlənilir.
Mer Xose Luis Martines-Almeydanın sözlərinə görə, Madridin küçələrində qartəmizləyən və duzsəpən maşınlardan istifadə davam etdirilir. Çünki yağan qarın gələn həftəsonunadək hərəkətə çətinlik törədəcəyi gözlənilir. Buzun təsirini zəiflətməkdən ötrü bu gün paytaxta 90 yük maşınında 3500 ton duz gətirilib. Hakimiyyət orqanları vətəndaşlardan mümkün qədər az hərəkət etmələrini xahiş edir.
Nəqliyyat, mobillik və şəhər məsələləri üzrə nazir Xose Luis Abalos Madridi fəlakət zonası elan etmək niyyətindədir, çünki güclü qarın vurduğu ziyan supermarketlərə ərzaq çatdırılmasını da çətinləşdirir.
Baraxas beynəlxalq hava limanı Terminal 1-dən (T1) əvvəlki kimi reyslər həyata keçirmir. Üç günlük qar fırtınasından sonra burada uçuş-enmə zolağının təmizlənməsi işləri davam etdirilir. //AZƏRTAC