Azərbaycan xeyriyyə təşkilatı fəaliyyətə başlayıb - Almaniya

 12:10 14.01.2021     140

Almaniyada ilk Azərbaycan xeyriyyə təşkilatı - "Varlıq" Fondu fəaliyyətə başlayıb. "Varlıq" Fondunun ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, yanvarın 10-da Almaniyada yaşayan azərbaycanlıların təşəbbüsü ilə yaradılan qurumun təsis yığıncağı baş tutub.

Redaktor.az xəbər verir ki, toplantı Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir yumruq kimi birləşərək Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması naminə fədakar fəaliyyət göstərdikləri müsbət qiymətləndirilib. Qeyd edilib ki, "Varlıq" Fondu həmrəylik, yardımlaşma və paylaşma ənənələrinə sadiq qalaraq, yaxın gələcəkdə Avropa Biriliyi ərazisində yaşayan soydaşlarımızı və ürəyi Azərbaycanla döyünən hər kəsi bir araya gətirən körpü rolunu oynayacaq.

Fond şəhid və qazi ailələrinə yardımın təşkili ilə yanaşı Azərbaycan tarixi, musiqisi və mədəniyyətinin dünyaya tanıdılmasına, eləcə də elmin və təhsilin inkişafına dəstək göstərmək niyyətindədir. Səsvermə nəticəsində Dr. Qurban Ələkbərov Fondun sədri, Nurlan Məmmədov və Cavidan Kərimli isə sədr müavinləri seçiliblər.