Peyvənd olunanlar ölür? - Dezinformasiya, yoxsa gerçək...

 14:10 20.01.2021     8165

"Bir neçə gün əvvəl mətbuatda Norveçdə peyvənd vurulduqdan sonra 23 nəfərin ölməsi ilə bağlı məlumatlar paylaşıldı. Lakin xəbəri diqqətlə oxuyanda görüdük ki, həmin 13 nəfərin yaşı 80-dən yuxarı olub və çox ağır xəstəliklərdən əziyyət çəkiblər".

Bu sözləri Redaktor.az-a Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev peyvənd olunan şəxslərin dünyasının dəyişməsi ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib. O, vaksin vurulduqdan sonra insanlarda yaranan allergik və s. neqativ halların olması ilə bağlı qeyri-dəqiq materialların tirajlanmasının tərəfdarı olmadığını bildirib:

"Braziliyada peyvəndlərlə bağlı elmi tədqiqatın son fazasında bir nəfər ölmüşdü. Bütün dünya mediası yazdı, çox ciddi problemlər yarandı və həmin tədqiqat dayandı. Sonra elmi şəkildə sübut olundu ki, ölən adam peyvəndlə bağlı tədqiqatda iştirak edib, amma peyvənd olunmayıb. Ölüm səbəbi isə başqadır. Amma medianın belə xəbərləri tirajlaması nəticəsində tədqiqat da dayandı, insanlarda da lazımsız şübhələr oyandı. Həmçinin, bir neçə gün əvvəl mətbuatda Norveçdə peyvənd vurulduqdan sonra 23 nəfərin ölməsi ilə bağlı məlumatlar paylaşıldı.

Lakin xəbəri diqqətlə oxuyanda gördük ki, həmin 13 nəfərin yaşı 80-dən yuxarı olub və çox ağır xəstəliklərdən əziyyət çəkiblər. Peyvənddən sonrakı yüngül qızdırma və ürəkbulanma yaşlı adamların vəziyyətini bir az da ağırlaşdırıb. Amma bu onu deməyə əsas vermir ki, həmin şəxslər peyvənddən ölüb. Bu barədə hələ heç bir elmi sübut yoxdur. Ona görə də bu cür materialların yayılmasında çox ehtiyatlı olmaq lazımdır".

Mahir Xəttab / Redaktor.az