Gürcüstanda Baş nazir vəzifəsinə namizəd AÇIQLANIB

 18:40 18.02.2021     95

Gürcüstanın hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyası Müdafiə naziri İrakli Qaribaşvilini ölkənin Baş naziri postuna namizəd göstərib.

Redaktor.az xəbər verir ki, bu barədə partiya sədri İrakli Kobaxidze siyasi şuranın iclasından sonra deyib. Şura yekdilliklə Qaribaşvilinin Baş nazir postuna namizəd göstərilməsinə qərar verib.

“Hamıya yaxşı məlumdur ki, İrakli Qaribaşvili “Gürcü arzusu”nun qurucusu və liderlərindən biridir. Həmçinin, ölkəmiz üçün ən mühüm dövrlərdə əvvəlcə daxili işlər naziri, daha sonra Baş nazir vəzifələrini tutub. O, hökumət fəaliyyətini uğurla apara bilən və ölkəmizin üzləşdiyi çətinliklərin öhdəsindən gələ biləcək üstün təcrübəyə sahib bir mütəxəssisdir. İrakliyə Baş nazir vəzifəsində uğurlar diləyirəm”, - deyə İ.Kobaxidze açıqlamasında deyib.

İ.Qaribaşvili də öz növbəsində yaxın gələcəkdə ölkədə vəziyyətin normallaşması üçün lazım olan nizam-intizamı yaradacağına söz verib:

“Əgər təsdiqlənərsə, ikinci dəfə ölkənin Baş naziri olmaqdan şərəf duyacam. Ölkəmizin qarşısında bir sıra məsələlər durur. Hər şeydən əvvəl, bu, koronavirus pandemiyası, işsizlik, çətin iqtisadi vəziyyət və əhalinin sürətli həllini gözləyən problemlərdir”.

Qeyd edək ki, hazırda ölkənin müdafiə naziri vəzifəsini icra edən İ.Qaribaşvili 2012-2013-cü illərdə daxili işlər naziri, 2013-2015-ci illərdə Baş nazir olub.

Qeyd edək ki, bu gün Gürcüstanın Baş naziri Georgi Qaxariya istefa verdiyini açıqlayıb. O, bu qərarı ölkədəki siyasi böhranın fonunda, Vahid Millət Hərəkat Partiyasının sədri Nika Meliyanın tutulması ilə bağlı komandası ilə razılığa gələ bilməyəcəyini söyləyərək verib. //Qafqazinfo