Praqada Xocalı soyqırımı ilə bağlı anım yürüşü keçirilib

 18:21 02.03.2021     230

Çexiyanın paytaxtı Praqa şəhərində yaşayan azərbaycanlı icmasının təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş anım yürüşü keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Redaktor.az-a bildirilib ki, paytaxtın Malostranska meydanından başlayan aksiya Staromestska meydanında başa çatıb. Əllərində Azərbaycan bayrağı tutan aksiya iştirakçıları "Xocalı 1992, Ledise 1942", "Xocalı soyqırımı", “Xocalıya ədalət!”, yazılmış şüarlar, faciənin dəhşətlərini əks etdirən fotoşəkillər və digər məlumatlandırma plakatlarını nümayiş etdiriblər.

Yürüş başa çatdıqdan sonra soydaşlarımız Çexiya parlamentinin deputatları, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Zdenek Ondraçek və qrupun üzvü Kveta Matuşovska ilə görüşüblər.

Xocalı soyqırımını tanıdığı üçün Çexiya parlamentinə təşəkkür məktubu təqdim edilib.

Qeyd edək ki, 2013-cü ilin 19 fevral tarixində Çexiya parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb.