Radikallar Ukrayna prezidentinin ofisinə hücum ediblər - VİDEO

 18:20 21.03.2021     112

Ukraynada insan oğurluğu və işgəncələrə görə həbs olunmuş Sergey Sternenkonun tərtəfdarları ölkə prezidentinin ofisi qarşısında etiraz aksiyası keçiriblər.

Redaktor.az xəbər verir ki, onlar ofisin önündə fişənglər partladıb, eləcə də binanı qırmızı boya ilə boyayıblar.

S.Sternenkonun ad günü münasibətilə toplaşan üç minə yaxın şəxs onun dərhal azad olunmasını tələb edib. Etirazçılar prezident ofisinin qapı və divarlarında “Sternenkoya azadlıq” şüarını yazıblar.

Binaya alışqan maddələrin atılması səbəbindən bir neçə pəncərə şüşəsinin sındığı bildirilir. Toplaşanların binanın girişindəki “Ukrayna prezidenti” lövhəsini yandırmağa cəhd etdikləri də qeyd olunur.

Gecə saatlarında baş vermiş iğtişaşların qarşısını almaq məqsədilə hadisə yerinə xüsusi polis qüvvələri cəld edilib və etirazçılarla asayiş keşikçiləri arasında ciddi qarşıdurma olub.

Xatırladaq ki, qadağan olunmuş “Sağ bölmə” radikal partiyasının rəhbəri S.Sternenko fevralın 23-də məhkəmə qərarı ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. //Oxu.az