Paşinyan onun istefasına imza atan generalları cəzalandırdı - ŞƏRH

 14:39 23.03.2021     723

"Nikol Paşinyanın dediyi oldu. O martın 22-də Artak Davtyanı baş qərargah rəisi olaraq Müdafiə Nazirliyinin binasında generallara təqdim etdi”.

Redaktor.az xəbər verir ki, bunu politoloq , "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, əslində Artak Davtyan generallara tanışdır:

"Ötən ilin ortalarına qədər məhz o baş qərargah rəisi idi. Ancaq pandemiya dövründə oğluna etdiyi dəbdəbəli toy onu vəzifəsindən etdi. Paşinyan normalda beləsini vəzifəsinə qaytarmazdı, ancaq artıq keçmiş baş qərargah rəisi Onik Qasparyanla mübarizədə baş nazir saman çöpündən, yəni Artak Davtyandan da yapışmağa hazır idi. Artak Davtyan isə köhnə vəzifəsinə qayıtmaq üçün Paşinyanın əmrinə tabe oldu”.

Politoloq qeyd edib ki, Artak Davtyan 44 günlük müharibədə iştirak etməsə də, Nikol Paşinyanın Zəngəzur bölgəsində xüsusi tapşırıqılarını yerinə yetirib:

"Beləliklə, Onik Qasparyan otağını boşaltmaq məcburiyyətindədir. Qasparyan riskə gedib hərbi çevrilişə cəhd etmədi. Sadəcə Paşinyanın istefasını tələb etdi, bu isə işə yaramadı. Öz növbəsində Paşinyan keçən zaman  ərzində müxtəlif siyasi gedişlər etdi. Paşinyanın istefasına imza atan generallar Paşinyanın Artak Davtyanı baş qərargah rəisi vəzifəsinə təyinatı mərasimində iştirak etdilər”. //Sfera.az