Özbəkistan və Türkiyə hərbçilərinin taktiki təlimləri başa çatıb

 12:23 26.03.2021     257

Özbəkistanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında ikitərəfli razılaşmaya uyğun olaraq, Özbəkistan-Əfqanıstan sərhədindəki Surxandərya vilayətində yerləşən “Termez” poliqonunda bu iki ölkənin xüsusi təyinatlılarının birgə xüsusi taktiki təlimləri keçirilib.

Redaktor.az xəbər verir ki, təlimləri Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi, ordu generalı Yaşar Güler, Özbəkistan Silahlı Qüvvələrinin baş qərargah rəisi, general-mayor Şuxrat Xalmuxammedov, Surxandərya vilayətinin hakimi Turu Bobolov və hər iki ölkənin zabitləri izləyiblər.

Təlimlərin ssenarisinə əsasən, xüsusi təyinatlılar dövlət sərhədini pozaraq ölkə ərazisinə qanunsuz basqın edən silahlı dəstəni zərərsizləşdiriblər. Hərbçilər 15 kilometrlik xüsusi taktiki sahədə döyüş elementləri, çətin şəraitdə sağ qalmaq bacarığı, nümunəvi güllə atıcılığı üzrə təlimlərdə də iştirak edib, bu sahələrdə təcrübə mübadiləsi aparıblar. Bundan başqa, özbək və türk hərbçilər arasında hərbi-məşq təlimləri və idman yarışları da keçirilib.

Təlimlərin bağlanış mərasimində çıxış edən Yaşar Gülər deyib ki, Türkiyə Özbəkistan ordusuna texniki təchizat və hərbi hazırlıq sahələrində hərtərəfli kömək göstərməyə hazırdır.

Öz növbəsində Şuxrat Xalmuxammedov bildirib ki, Özbəkistan və Türkiyəni möhkəm dostluq və qardaşlıq telləri birləşdirir. //AZƏRTAC