Misirdə texnogen qəzalarda ölənlərin sayı açıqlanıb

 05:22 29.03.2021     360

Misir hökuməti Sohağ vilayətində baş vermiş qatar qəzası və Qahirədə binanın uçması nəticəsində ölənlərin sayını açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mustafa Mədbuli Nazirlər Kabinetinin iclasında məlumat verib.

Baş nazir bildirib ki, qatar qəzasında ölənlərin sayı əvvəllər açıqlandığı kimi 39 deyil, 19 nəfərdir. Onun sözlərinə görə, xəstəxanaya çatdırılan daha 20 nəfər koma vəziyyətindədir. Qəzada yaralanmış 187 nəfərin isə müalicəsi davam edir. Bundan başqa, paytaxt Qahirənin Qəsr əl-Süveyş məhəlləsində binanın uçması nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb, iki sakin isə itkin düşüb. Hökumət başçısı 25 nəfərin də yaralandığını bildirib.

Misir parlamentinin martın 28-də keçirilən plenar iclasında qatar qəzası ilə əlaqədar təhqiqat komissiyası yaradılması qərara alınıb. Nümayəndələr Palatasının üzvləri Baş nazir Mustafa Mədbuli və nəqliyyat naziri Kamil əl-Vəzirinin də hesabatını dinləyəcəklər. Misir hökuməti qatar qəzalarının qarşısını almaq üçün dəmir yolunda elektron idarəetmə sisteminin yaradılacağını bəyan edib. //AZƏRTAC