ABŞ-da lüks avtomobil satışı bumu yaşanıb

 00:15 03.04.2021     151

ABŞ-da pandemiyaya baxmayaraq, “Bentley Motors” və “Lamborghini” kimi nüfuzlu markaların avtomobillərinin satışı orta qiymət seqmentindəki avtomobil satışlarının azalması fonunda artıb.

Redaktor.az xəbər verir ki, bu barədə CNN telekanalı “J. D. Power” tədqiqat şirkətinə və avtomobil istehsalçılarının məlumatlarına istinadən məlumat verib.

Telekanalın məlumatına görə, 2020-ci ilin dördüncü rübündə ABŞ-da 80 min dollardan baha olan avtomobillərin satış sayı 2019-cu ilin eyni dövrü ilə müqayisədə iki dəfə, dəyəri 100 min dollardan çox olan avtomobillərin satışı isə 63 % artıb.

“Bentley Motors” üçün keçən il şirkətin qurulduğu gündən bəri satış sayı baxımından ən uğurlu il olub. Şirkət bir ildə 11,206 avtomobil satıb. Bu, 2019-cu ilə nisbətən 100 ədəd daha çoxdur. “Lamborghini” 2020-ci ildə mövcud olduğu dövr ərzində ən yüksək mənfəət əldə edib. Üstəlik, keçən il satılan avtomobil sayına (7430 ədəd) görə şirkət tarixində ikinci yeri tutub.

“40 ildir bu biznesdəyəm və hələ heç vaxt belə şey görməmişdim”, - CNN “Bentley”, “Lamborghini” və “Bugatti” dileri olan “Manhattan Motors”un rəhbəri Brayan Millerdən sitat gətirib. Mütəxəssislər hesab edir ki, bu, zəngin vətəndaşların pandemiyanın təsirləri səbəbindən sərbəst səyahət edə bilməməsi və nəticədə pulunu ən bahalı avtomobillər də daxil olmaqla, lüks mallar alması ilə əlaqədardır. //Report