Ərdoğanla İordaniya kralı arasında telefon danışığı olub

 16:50 05.04.2021     90

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İordaniya kralı II Abdullah arasında telefon danışığı olub.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

R.T.Ərdoğanla II Abdullah iki ölkə arasındakı əlaqələrin hazırkı vəziyyətini və regional məsələləri müzakirə ediblər.

Qeyd edək ki, şənbə günü ölkə ordusu kral II Abdullanın ögey qardaşı, keçmiş şahzadə Həmzəni İordaniyanın təhlükəsizliyi və sabitliyinə xələl gətirən addımlardan çəkinməsinə dair xəbərdarlıq edib və bundan sonra şahzadə Həmzə ev dustaqlığına alındığını bildirib. Bazar günü isə hökumət ölkəni anarxiyaya sürükləmək istəyən xaricdəki qruplarla təmasa girən şahzadə Həmzənin bir müddətdir təhqiqat altında olduğunu açıqlayıb.

Bununla bağlı kralın məxfi müşaviri, sonra ölkənin maliyyə naziri və Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın müşaviri olan Bəsim Əvədullah, krallıq ailəsi üzvü Şərif Həsən bin Zaid və bütövlükdə 16-dək şəxs həbs edilib. Həbs edilənlər arasında yüksək rütbəli hərbçilər, bədəvi qəbilələrinin başçıları, adı çəkilməyən kəşfiyyat qurumunun əməkdaşları da var. //Report.az