Rusiyanın Ukraynaya hücum planının XƏRİTƏSİ - Türkiyə PUA-ları vurulacaq... / FOTO

Ukraynanın şərqindəki Donbas bölgəsində gərginlik davam edir.
Redaktor.az xəbər verir ki, Rusiya dövlət televiziyasında efirə gedən süjet böyük əks-səda yaradıb. Xəbərdə "Lancet" kamikadze dronlarının "Bayraktar TB2"ləri asanlıqla vura biləcəyi qeyd olunub. "Lancet"in daha əvvəl Suriyada istifadə edildiyi diqqətə çatdırılıb.
Telekanal Ukraynanın Türkiyədən PUA-lar aldığını qeyd edib və Rusiyanın bundan çəkinmədiyi ifadə olunub.
Digər tərəfdən, Rusiyanın Ukraynaya hücum planının göstərildiyi iddia olunan xəritə yayılıb. Qeyd edilib ki, Donbasda və ya Krımın cənubunda ən kiçik bir təxribat baş verərsə, ordu hərəkətə keçəcək.
Xəritədə diqqət çəkən əsas məqam Rusiya ordusunun Qara dəniz və Donetskdən edəcəyi hücumlara əlavə olaraq Ukraynanın şimalındakı Belarusda yerləşən hərbi birləşmələrin də hücuma keçməsi məsələsidir.
Ukrayna mətbuatı isə Ukrayna və Rumıniya hərbi gəmilərinin birlikdə təlim keçirdiyini yazıb.
Orxan İsmayılov / Redaktor.az


