Tailand turistlər üçün 14 günlük karantin tətbiq edəcək

 20:57 29.04.2021     107

Tailand hökuməti ölkədə koronavirusa yoluxanların sayının artması fonunda mayın 1-dən etibarən ölkəyə gələnlər üçün ikihəftəlik karantini bərpa edir.

Redaktor.az xəbər verir ki, bu barədə cümə axşamı xüsusi brifinqdə krallığın Xarici İşlər Nazirliyinin mətbuat katibinin müavini Natapanu Nopakun bildirib. 

“Eyni zamanda, ölkəyə giriş icazəsini mayın 1-dən əvvəl almış və mayın 6-dək gələn insanlar peyvənd olunub-olunmamalarından asılı olaraq, 7-10 günlük qısaldılmış təcrid dövründən faydalana biləcəklər. Bundan sonra milliyyətindən və aşılanıb-aşılanmamasından asılı olmayaraq, hamı 14 günlük karantindən keçəcək”, - o deyib.

Bundan əlavə, müalicə və ya üç dəfə aparılacaq koronavirus testlərindən keçmək istisna olmaqla, nömrələrdən çıxmaq yenə qadağan olacaq.

Bununla birlikdə, Banqkok, eləcə də Çonburi, Çinaqmay, Nonthaburi, Pathumthani və Samutprakan əyalətləri artıq “tünd qırmızı” zonalar olaraq təyin edilib və bu bölgələrdə çox sayda yoluxma səbəbi ilə maksimum nəzarət olacaq. “Qırmızı” zonaya 45, “narıncı”ya isə 26 əyalət daxil edilib.

Ölkə daxilində çölə çıxarkən qoruyucu tibbi maskalar taxmaq məcburidir, bütün əyləncə məkanları və məktəblər isə bağlı qalır. Komendant saatı yoxdur, lakin bir neçə əyalətdə sakinlərə axşam saatlarında evlərindən çıxmamaq tövsiyə olunur. //Report