Avropa İttifaqı Belarusa xəbərdarlıq edib

 08:45 25.05.2021     125

“Avropa İttifaqı zirvə görüşündən əvvəl liderlər “Ryanair”ə məxsus təyyarənin Minskdə məcburi eniş etməsində əli olan şəxslərə, bundan başqa, Belarusdakı qurumlara və hava yolları sektoruna qarşı sanksiyaları müzakirə edəcəklər”.

Redaktor.az xəbər verir ki, bunu Avropa İttifaqının komissiya rəhbəri Ursula von der Leyen deyib.

Leyen Afinadan Vilnüsə gedən təyyarənin Belarusun paytaxtı Minskdə təcili endirilməsi və “Nexta” ve “Belarus Golovnogo Mozga” teleqram kanallarının rəhbəri Roman Protaseviçin saxlanılmasından danışıb:

“Güclü bir cavab olacaq. Lukaşenko administrasiyası nəticələrin ciddiyyətinin fərqində olmalıdır. Bu gün təyyarənin ələ keçirilməsində əli olan şəxslərə qarşı sanksiyalar, bundan başqa, qurumlara və iqtisadi təsisatlara qarşı fərqli sanksiya təkliflərini müzakirə edəcəyik.

Bundan başqa, Belarusdakı hava yolu sektoruna qarşı sanksiyaları da dəyərləndiririk”.

O əlavə edib ki, Aİ-nin Belarus üçün 3 milyard avro dəyərində investisiya və iqtisadi paketi var:

“Amma Belarus demokratik bir ölkə olana qədər dondurulmuş vəziyyətdə qalacaq”.

Qeyd edək ki, Yunanıstandan Litvaya gedən “Ryanair”ə aid 123 nəfəri daşıyan təyyarə bomba xəbərdarlığı iddiası ilə Belarus hava məkanında məcburi endirilib. Sərnişinlər arasında olan “Nexta” ve “Belarus Golovnogo Mozga” teleqram kanallarının rəhbəri saxlanılıb. //Qafqazinfo