İraqda 2035-ci ilə qədər su böhranı yarana bilər

 22:32 05.06.2021     76

Bölgədəki iqlim dəyişikliyi, Dəclə və Fərat çaylarının aktiv istifadəsi səbəbindən İraq 2035-ci ilə qədər ciddi su çatışmazlığı ilə üzləşə bilər.

Redaktor.az-ın məlumatına görə, bunu şənbə günü Ümumdünya Ətraf Mühit Günü münasibətilə çıxış edən İraq prezidenti Bərham Saleh deyib.

"İraq son 40 ildə müxtəlif sarsıntılarla üzləşib. Müharibə, sanksiyalar, terrorizm və daxili qarşıdurmalar onun sabitliyini və vətəndaşlarının rifahını təhdid edir. Amma şübhəsiz ki, bir ölkənin üzləşdiyi ən ciddi və uzunmüddətli təhlükə iqlim dəyişikliyi səbəbindən potensial iqtisadi təsir və ətraf mühitin məhv edilməsi ilə əlaqədardır. İraq Su Ehtiyatları Nazirliyinin məlumatına əsasən, 2035-ci ilədək ölkəmiz demək olar ki, illik 10,8 milyard kubmetr su çatışmazlığı ilə üzləşə bilər", - Bərham Saleh bildirib.

Bundan əlavə, dövlət başçısı qeyd edib ki, ölkə əhalisinin sayı 2050-ci ilə qədər mövcud 38 milyondan 80 milyona yüksələcək və bu da iqlim dəyişikliyi həll edilmədiyi təqdirdə iqtisadi və sosial riskləri artıracaq. //Trend.az