Türkiyə iki nəhəng layihəyə başlayır

 00:19 07.06.2021     71

İyun ayında Türkiyə üçün böyük əhəmiyyət kəsb edən layihələr imzalanacaq.

Redaktor.az xəbər verir ki, "Kanal İstanbul Layihəsi" çərçivəsində inşa ediləcək 6 körpüdən birincisinin təməli ayın sonunda qoyulacaq.

Mayın 3-də orbitinə yerləşdirilən "Türksat 5A" peyki də istismara veriləcək.

"Türksat 5A" peyki 8 yanvarda ABŞ-ın Florida ştatındakı Canaveral bazasından kosmosa müvəffəqiyyətlə göndərilib. Peyk mayın 3-də xidmət edəcəyi 31 dərəcə şərq orbitinə çatıb. Təxminən bir ay sınaqdan keçirildikdən sonra "Türksat 5A"-nın bu ay fəaliyyətə başlaması gözlənilir.

30 ildən artıq bir müddətdə televiziya yayımı və rabitə sahələrində xidmət göstərəcək "Türksat 5A" məlumat ötürməsində Türkiyəni "Ku-Band"ı istifadə edən lider ölkələrin sırasına daxil edəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2011-ci ildə elan edilmiş və ictimaiyyət arasında "çılğın layihə" olaraq tanınan "Kanal İstanbul Layihəsi"nin təxmini dəyəri 15 milyard dollardır. İnşa ediləcək 6 körpünün dəyəri isə 1,4 milyard dollar olacaq.

Ətrafında iki şəhərin inşa ediləcəyi kanalın tikintisi zamanı 500 min şəxs işlə təmin ediləcək.

200-ə yaxın elm adamının iştirakı ilə hazırlanan və azı 5 il davam etməsi gözlənilən layihədə yaşıl sahələrə zərər dəyməyəcək. //Publika.az