Rövnəq Abdullayev Marius Vizerlə görüşüb - FOTO

 19:08 06.06.2021     73

Dünya çempionatının keçirildiyi Macarıstanın Budapeşt şəhərində səfərdə olan Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev və Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer arasında görüş olub.

ACF-nin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, görüşdə R.Abdullayev M.Vizeri növbəti 4 il müddətinə dünya cüdo təşkilatının rəhbəri seçilməsi münasibətilə təbrik edib. O, Azərbaycanda cüdonun inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, ölkə idmançılarının Yay Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları yüksək nailiyyətlərdən söhbət açıb.

Ölkədə cüdo idman növünün də zəngin ənənələrə malik olduğunu qeyd edən ACF prezidenti son vaxtlar Azərbaycan cüdoçularının dünyanın müxtəlif ölkələrində keçirilən Böyük Dəbilqə turnirlərində medlallar qazandığını diqqətə çatdırıb.

Səmimi görüşə görə minnətdarlığını bildirən M.Vizer Azərbaycanın artıq bütün dünyada idman ölkəsi kimi tanındığını söyləyib. O, dövlət səviyyəsində Olimpiya Hərəkatı və idmanın inkişafına göstərilən diqqətin dəfələrlə ümumdünya idman təşkilatları və federasiyaları tərəfindən qiymətləndirildiyini bildirib. Azərbaycan cüdoçularının gələcək beynəlxalq yarışlarda, dünya çempionatı və Olimpiya Oyunlarında da uğurla çıxış edəcəyinə ümidvar olduğunu söyləyən IJF prezidenti Bakıda ənənəvi Böyük Dəbilqə yarışlarının hər zaman yüksək səviyyədə keçirildiyini, bu mötəbər turnirdə beynəlxalq və yerli federasiyaların birgə işçi qrupunun səmərəli fəaliyyətini xüsusi vurğulayıb.

Budapeştdə IJF-nin mükəmməl konqresinin keçildiyini bildirən M.Vizer Azərbaycan R.Abdullayevi ikinci dəfə növbəti dörd il müddətinə qurumun İcraiyyə Komitəsinə üzv seçilməsi münasibətilə təbrik edib. Sonra o, İJF-nin xüsusi hədiyyəsini Rövnəq Abdullayevə təqdim edib.

Görüşün sonunda xatirə şəkili çəkdirilib.

22