Paşinyan Köçəryanı həbs etmək üçün xalqdan KÖMƏK İSTƏDİ

 02:05 15.06.2021     276

Ermənistan əhalisi seçkidə səs verməklə 27 oktyabr 1999-cu ildə parlament teraktını düşünən və cəzadan qaçan şəxsə cavab imkanı əldə edəcək.

Redaktor.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Ararat şəhərində seçicilərlə görüşdə deyib.

Görüşdən öncə o, Vazgen Sərkisyanın abidəsi önünə çiçək qoymaqla da mesaj verib.

Paşinyan deyib ki, 27 oktyabrla bağlı istintaq terakt zamanı öldürülən deputat Yuri Baxşyanın xanımı Anait Baxşyanın ərizəsi əsasında yenilənib.

“İstintaq koronavirusa və müharibəyə görə təxirə salınmışdı. Ancaq hazırda istintaq davam edir və onu Milli Təhlükəsizlik Xidməti aparır. Ancaq siz cavabdeh hakimiyyətə qarşı yeni tədbir görə bilərsiniz. Öz səslərinizlə tələb edə bilərsiniz ki, o işin açılması üçün bütün tədbirlər görülsün”, - Paşinyan bildirib.

Qeyd edək ki, 27 oktyabr 1999-cu ildə parlamentdə baş verən terakt zamanı Baş nazir Vazgen Sərkisyan və spiker Karen Dəmirçyan, vitse-spiker Ruben Miroyan, deputat Yuri Baxşyan və digər nazir və deputatlar öldürülmüşdü.

V.Sərkisyan və K.Dəmirçyan Qarabağ məsələsinin həlli, işğalın dayandırılması və kommunikasiyaların açılmasında israr edir və ilk dəfə olaraq Azərbaycanla vasitəçilər olmadan, birbaşa danışıqlar aparırdılar. Onların Qarabağ klanının (S.Sərkisyan və R.Köçəryan) qurduğu plan əsasında qətlə yetirildiyi bildirilir.//Axar.az