Daha bir ölkədə pandemiya ilə əlaqədar vəziyyət ağırlaşıb

 07:34 11.07.2021     108

Əhalisinin sayı təqribən 12 milyon olan Tunisdə son sutkada COVID-19-dan 10 mindən çox yeni yoluxma, 134 ölüm faktı qeydə alınıb. Qonşu ölkələr – Misir və Səudiyyə Ərəbistanı səhiyyə sistemi pandemiyanın öhdəsindən gələ bilməyən Tunisə təcili yardımlar təklif ediblər.

Redaktor.az xəbər verir ki, Tunis Səhiyyə Nazirliyinin sözçüsü Nisaf Ben Alaya pandemiya ilə əlaqədar fəlakətli vəziyyətin yarandığını bəyan edib. O bildirib ki, ölkənin səhiyyə sistemi çöküb və COVID-19-a yoluxanlar üçün xəstəxanalarda yer tapmaq mümkün deyil.

Tunis Prezidenti Kais Said Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın bəyanatını minnətdarlıqla qarşılayıb. Ər-Riyad bəyan edib ki, ağır vəziyyətdə olan Tunisə təcili şəkildə vaksin və tibbi ləvazimatla dolu təyyarələr göndəriləcək. //Publika.az.