Belçikada daşqın qurbanlarının sayı 31-ə çatıb

 22:59 18.07.2021     77

Belçikada daşqın nəticəsində ölənlərin sayı 31-ə çatıb.

Redaktor.az xəbər verir ki, federal böhran mərkəzi məlumat yayıb.

Məlumata görə, 163 nəfər hələ də itkin düşmüş sayılır. Mərkəzdən, həmçinin bildirilib ki, “hazırda xilasetmə işləri dayandırılıb, yalnız axtarış işləri aparılır, yeni daşqın təhlükəsi gözlənilmir”.

Eyni zamanda Belçika mətbuatı 35 nəfərin cəsədinin artıq tapıldığı barədə xəbərlər verib.

Qeyd edək ki, Belçikanın cənub əyalətlərində həftə ərzində güclü yağışlar yağıb və bu, ölkədə görünməmiş daşqına səbəb olub. Belçikanın Baş naziri Aleksandr de Kronun sözlərinə görə, bu, ölkə tarixindəki ən fəlakətli daşqın hesab oluna bilər. Ölənlərin sayının çox olmasına görə 20 iyul tarixində Belçikada milli matəm günü elan edilib. //APA