Belçikada daşqın qurbanlarının sayı 36-ya çatıb

 17:59 19.07.2021     99

Belçikada son 100 ildə baş verən ən güclü daşqın qurbanlarının sayı 36-ya çatıb, 127 nəfərin itkin düşdüyü bildirilir.

Redaktor.az-ın məlumatına görə, bu barədə bazar ertəsi günü keçirdiyi mətbuat konfransında Belçika Krallığının daxili işlər naziri Annelis Verlinden bildirib.

"Təəssüf hissi ilə deyə bilərik ki, fəlakət 36 nəfərin həyatına son qoyub, onlardan 19-u artıq müəyyənləşdirilib. 127 nəfər itkin düşüb, 57 nəfər xəstəxanaya yerləşdirilib", - A. Verlinden deyib.

Xatırladaq ki, 14-16 iyul tarixləri arasında davam edən və güclü yağışların səbəb olduğu Belçikanın cənubunda yerləşən Valonya bölgəsindəki güclü daşqından sonra ərazidə axtarış-xilasetmə işləri, nəqliyyat infrastrukturunun, enerji və su təchizatının bərpası davam edir. Fəlakət nəticəsində yüzlərlə yaşayış binası dağılıb və zədələnib, avtomobil və dəmir yollarına ciddi ziyan dəyib. Zərərin ümumi məbləği hələ açıqlanmayıb. Belçika hökuməti Avropa Komissiyasından bərpa işlərinin maliyyələşdirilməsi üçün yardım istəyib. //Report.az