Koronovirusun yayılma tempi stabilləşib - ÜST

 15:50 25.08.2021     88

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronovirus infeksiyasının son iki ay ərzində artan yayılma tempinin həftədə 4,5 milyon yeni yoluxma civarında stabilləşdiyini bildirib.

Redaktor.az xəbər verir ki, ÜST-nin bu gün yayılan məlumatına görə, ötən həftə ərzində (16-22 avqust) dünya üzrə təqribən 4,5 milyon yeni yoluxma halı qeydə alınıb. Bir həftə əvvəl bu göstərici 4,4 milyondan çox idi. Təşkilatdan bildiriblər ki, bu, həftəlik yeni yoluxmanın miqdarının sabitləşdiyini göstərir. Xəstəlikdən ölüm halları da əvvəlki həftənin rəqəmlərini çox ötməyib. Belə ki, son həftə ərzində 68 mindən çox insan həyatını itirib. Avqustun 9-dan 15-dək isə 66 mindən çox ölüm halı baş vermişdi.

Pandemiyanın başlanğıcından bəri dünyada koronavirusa 214 milyona yaxın yoluxma və bu xəstəlik səbəbindən 4,4 milyondan çox ölüm faktı qeydə alınıb.

Xatırladaq ki, 2020-ci ilin martında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. //AzərTac